Bir neçə gün öncə Mərdəkan qəsəbəsində Xəzər dənizinin nəzarətsiz ərazisində iki yeniyetmə batıb. Onlarla bağlı yeni təfərrüatlar məlum olub.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə zamanı dənizdə itkin düşən 17 yaşlı Nurlan İsmayılzadənin babası danışıb.
Onun sözlərinə görə, Nurlan ailənin yeganə oğlu olub:
"Nurlan evin tək oğlu idi. 149 nömrəli məktəbi bu il bitirmişdi. Universitetin dizaynerlik fakültəsinə qəbul olunmaq istəyirdi. Evdən çıxanda anasına məşqə getdiyini deyib, çantasına idman ləvazimatlarını yığıb və gedib. Bir müddət sonra xəbər gəldi ki, sinif yoldaşı ilə birlikdə dənizdə batıb".

Məlumata görə, Nurlan İsmayılzadə sinif yoldaşı, 17 yaşlı Rahil Ağazadə ilə birlikdə çimərliyə gedib. Dənizdə çətin vəziyyətə düşən Nurlanı xilas etməyə çalışan Rahil də suda batmağa başlayıb.
Rahil Ağazadə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan komatoz vəziyyətdə çıxarılıb.
Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Nurlan İsmayılzadənin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Qeyd edək ki, hadisə Mərdəkan qəsəbəsində dənizin çimmək üçün nəzərdə tutulmayan nəzarətsiz hissəsində baş verib.