Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.
Qəsəbə sakini Eşqin Məmmədov (soyadı şərtidir) yaşadığı küçədə olarkən İsa adlı şəxsin səs-küy saldığını görüb, ona irad tutub. İsa hadisə yerindən uzaqlaşaraq yaşadığı məhəlləyə gedib, hadisəni dostlarına danışıb. O, dostları ilə birlikdə hadisə yerinə qayıdaraq, Eşqini ora çağırıb. Eşqin hadisə yerinə gələrkən İsanın 3 dostu ilə söhbətə gəldiyini görüb. Söhbət zamanı İsanın dostlarından olan Köçəri onları barışdırmaq istəyərkən İsa ilə Eşqin arasında mübahisə yaranıb və İsa Eşqini vurub. Bundan əsəbiləşən Eşqin üzərindəki bıçaqla onlara hücum edib. Nəticədə o, İsanın dostu Köçərini bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Eşqin Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə E.Məmmədov 4 il azadlıqdan məhrum edilib.