Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib:
"Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (kişi) 28.08.2026-cı il tarixində saat 20:20-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmətlər göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanaya təxliyə olunublar.
Zəruri tibbi xidmətlər göstərilən şəxslərdən dördünün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Hazırda bir nəfərin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".
Şükufə Süleymanlı
Gədəbəy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində, körpüdə qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb və dərəyə düşüb.
Nəticədə 2004-cü il təvəllüdlü Elvir Fətəliyev, 2006-cı il təvəllüdlü Rufan Məmmədov, 2008-ci il təvəllüdlü Ziya Nuriyev, 2006-cı il təvəllüdlü Musa Nuruzadə və 2007-ci il təvəllüdlü Məhəmməd Məmmədov xəsarət alıblar.
Yaralılar əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, daha sonra onlardan bəziləri müalicə üçün Gəncədəki xəstəxanalardan birinə aparılıb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.