"SpaceX" şirkətinin "Falcon Heavy" daşıyıcı raketi NASA-nın "Nancy Grace Roman" kosmik teleskopu ilə birlikdə uğurla start götürüb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Buraxılış Bakı vaxtı ilə saat 15:26-da Floridadakı Con Kennedi Kosmik Mərkəzindən həyata keçirilib.
Teleskopun əsas missiyasının beş il davam edəcəyi bildirilir. NASA bu müddətdən sonra onun fəaliyyətini daha beş il uzatmağı planlaşdırır. İlk görüntülərin 2027-ci ilin əvvəlində yayımlanması gözlənilir.
NASA mütəxəssisləri teleskopun iki milyarddan çox qalaktika haqqında məlumat toplayacağını və ulduzların, qalaktikaların və onların çoxluqlarının necə formalaşdığını və dəyişdiyini, həmçinin kainatın zaman keçdikcə necə genişləndiyini araşdırmağa kömək edəcəyini gözləyirlər.
Yeni teleskop səmanın geniş sahələrini müşahidə etməklə yanaşı, ekzoplanetləri də aşkar edəcək.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Nancy Grace Roman" kosmik rəsədxanasının 2 milyarddan çox qalaktika haqqında məlumat toplamasına imkan verəcəyini gözləyir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə layihənin elmi əməkdaşı Culi MakEniri bildirib.
"Əsas tədqiqatımız bir ildən çox davam edəcək və genişmiqyaslı olacaq. O, 2 milyarddan çox qalaktikanı əhatə edəcək və bizə kainatımızdakı strukturların - ulduzların, qalaktikaların, qalaktika çoxluqlarının necə inkişaf etdiyini öyrənməyə imkan verəcək. Həmçinin kainatımızın zaman keçdikcə necə genişləndiyini araşdıracağıq", - deyə o, teleskopun avqustun 30-na planlaşdırılan buraxılışına həsr olunmuş mətbuat konfransında bildirib.
MakEnirinin sözlərinə görə, "Nancy Grace Roman" eyni vaxtda 1990-cı ildə buraxılmış "Hubble" teleskopundan 100 dəfə daha böyük səma sahəsini əhatə edəcək.
"O, çox sürətlə hərəkət edəcək, dayanacaq və görüntülər çəkəcək. Beləliklə, biz səmanı "Hubble"dan 1000 dəfədən çox sürətlə tədqiq edə biləcəyik. "Nancy Grace Roman"ın bir ayda həyata keçirə biləcəyi tədqiqat "Hubble" ilə bütöv bir əsrə başa gələrdi", - deyə alim qeyd edib.
Onun sözlərinə görə, "Roman" bir aylıq müşahidə ərzində Süd Yolunun xəritəsini çıxara və 20 milyardadək ulduzu qeydə ala bilər. Bu isə özlüyündə astronomik obyektlərin ən böyük kataloqu olacaq.
Alimin hesablamalarına görə, ən genişmiqyaslı tədqiqat çərçivəsində "Roman"ın əldə etdiyi bir görüntünü tam şəkildə nümayiş etdirmək üçün 4K təsvir ölçülü yarım milyondan çox televizor ekranı lazım gələrdi.
"Onların hamısı birlikdə Manhettenin 45 məhəlləsini və ya Kaliforniyadakı Yosemit Milli Parkında yerləşən El Kapitan dağını tamamilə örtə bilərdi", - deyə MakEniri əlavə edib.
Teleskop amerikalı astronom Nensi Qreys Romanın şərəfinə adlandırılıb. O, "Hubble" teleskopunun yaradılmasının əsas təşəbbüskarlarından biri hesab olunur.
"Nancy Grace Roman" teleskopunun "SpaceX" şirkətinə məxsus "Falcon Heavy" daşıyıcı raketi ilə bu gün ABŞ-nin Şərq sahili vaxtı ilə saat 07:26-da (Bakı vaxtı ilə 14:26) Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılması planlaşdırılır.
Teleskopun əsas missiyası beş il davam edəcək. NASA missiyanın başa çatmasından sonra rəsədxananın fəaliyyətinin daha beş il uzadılmasının mümkün olacağına ümid edir.