Səkkiz şagirdin zəhərləndiyi "Nur" dönərxanasının sahibi Elnur Nəbiyev zəhərlənmə faktına münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, E.Nəbiyev "Teleqraf"a açıqlamasında iddia edib ki, şagirdlər dönəri aldıqdan sonra saxlanma qaydasını pozublar.

"Beş ildir, burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə faktı qeydə alınmayıb. Dünən təxminən saat 14 radələrində iki şagird gəlib 30 dönər aldı. Bu, kameralara düşüb. Necə olur, otuz dönər yeyən şagirddən səkkizində zəhərlənmə olub? Məndə olan məlumata görə, şagirdlərin çoxu dönəri aldıqdan sonra gec yeyib. Dönər hazır olandan sonra 30 dəqiqə ərzində yeyilməlidir. Ən azı, iki saatdan sonra yeyiblər. Hətta bir nəfər dönəri qardaşına evə aparıb. Gecikmə olub, dönər vaxtında yeyilməyib", - deyə sahibkar bildirib.
Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Gəncədə baş verən hadisə qurum tərəfindən nəzarətə götürülüb.
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.
Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur" dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Gəncədə dönərdən zəhərləndiyi deyilən şagirdlər evə buraxılıblar.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, dekabrın 9-u saat 21:30-dan başlayaraq beşi kişi, üçü qadın cinsli olmaqla səkkiz nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət dına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Gəncədə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verib.
Bildirilib ki, Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar. Məsələ nəzarətə götürülüb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Aygün Mirakif
Gəncədə dönərdən zəhərlənən məktəblilərin adları məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 2015-ci il təvəllüdlü F.İsmayılov, 2015-ci il təvəllüdlü X.Tağıyeva, 2014-cü il təvəllüdlü Ə.Zeynalov, 2015-ci il təvəllüdlü N.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədzadə, 2014-ci il təvəllüdlü T.Cəfərzadə, 2015-ci il təvəllüdlü H.Hüseynli və 2015-ci il təvəllüdlü Ə.Mirzəyevdir.
Məlumata görə, hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır.
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.