Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 17-si, saat 23:40-da üç nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda iki nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir, onların vəziyyəti orta ağırdır. Vəziyyəti qənaətbəxş qiymətləndirilən digər pasiyent (qadın cinsli) isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində zəncirvari avtomobil qəzası baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə zamanı "Ford Tranzit" markalı yük avtomobili ilə BMW və BYD markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan 1998-ci il təvəllüdlü P.Verdiyev, 1993-cü il təvəllüdlü M.Abdullayeva, 1976-cı il təvəllüdlü R.Yusifov və daha bir nəfər müxtəlif dərəcəli xəsarətləri alıblar.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.