Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 10-u, saat 23:20-də Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (biri qadın, ikisi kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. 2015-ci il təvəllüdlü azyaşlı (qadın) zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Digər iki nəfərin müalicəsi isə tibb müəssisəsinin cərrahiyyə və terapiya şöbələrində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ-21012 ilə "Mercedes" markalı minik avtomobillərin toqquşması nəticəsində üç nəfər - 1981-ci il təvəllüdlü P.Quluzadə, 2015-ci il təvəllüdlü M.Quluzadə və 1987-ci il təvəllüdlü A.Musayev xəsarət alıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.