Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan 9 nəfər (5 kişi, 4 qadın) avqustun 21-də saat 07:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, səkkizinin isə vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə bu gün saat 06:50-də Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.
"Elməddin Əlabbas oğlu Mustafayevin idarə etdiyi "Mercedes Vito" markalı, 99-LE-541 dövlət qeydiyyat nişanlı mikroavtobusla Rövşən Gündüz oğlu Kazımovun idarə etdiyi "KamAZ" markalı, 90-TJ-997 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
İlkin məlumata əsasən, hadisə nəticəsində mikroavtobusun sərnişini Qədir Əli oğlu Həsənov xəsarət alıb və tibbi yardım göstərilməsi üçün Şirvan Şəhər Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.