Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, keçirilən sonuncu prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elşən Hüseynova 12 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttiham aktına əsasən, Elşən Hüseynov uzun müddət həmyerlisi, 1978-ci il təvəllüdlü, zərərçəkmiş Səxavət Qəhrəmanovla aralarında yaranmış münaqişəyə görə ona qarşı qisas almaq qərarına gəlib.
Məlumata görə, Səxavət Qəhrəmanov təqsirləndirilən şəxsin ünvanına alçaldıcı ifadələr işlədib, onu hədələyib, döyüb və izləməkdə davam edib. Elşən Hüseynov bu hərəkətlərə uzun müddət dözdükdən sonra onu öldürmək niyyətinə düşüb və cinayəti törətmək üçün hazırlıq görüb.
Belə ki, təqsirləndirilən şəxs 2025-ci ildə iyunun 14-də ov tüfəngi əldə edib. İçərisində beş patron olan silahı daha sonra icarəyə götürdüyü "Hyundai Elantra" avtomobilində saxlayıb.
Sonra o, İmişli şəhəri, Səttar Fətəliyev küçəsinə yollanıb.
Elşən Hüseynov İmişli şəhərindən rayonun Qaralar kəndi istiqamətində hərəkət edərkən yolun əks tərəfində, İmişli şəhəri istiqamətindəki hərəkət zolağının kənarında, səki üzərində tək dayanan Səxavət Qəhrəmanovu görüb. Ətrafda başqa şəxslərin olmadığını müşahidə etdikdən sonra avtomobili saxlayaraq arxa oturacaqda saxladığı, patronla doldurulmuş və atəş açmağa hazır vəziyyətdə olan ov tüfəngini götürüb maşından düşüb. Təqsirləndirilən şəxs Səxavət Qəhrəmanova yaxınlaşaraq ona atəş açıb. Həyatı və sağlamlığı üçün təhlükə yarandığını görən zərərçəkmiş atəşdən yayınmağa çalışıb və küçə ilə şəkər zavodunun hasarı arasında yerləşən meşəlik əraziyə doğru qaçaraq gizlənmək istəyib. Lakin Elşən Hüseynov onu təqib edib. Avtomobil yolundan təxminən 30 metr məsafədə yerləşən kolluq-meşəlik ərazidə Səxavət Qəhrəmanovun gizləndiyini görən Elşən ona yaxın məsafədən arxadan iki dəfə atəş açıb.
Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, Səxavət Qəhrəmanov döş qəfəsinin arxa və ön səthini dəlib keçən iki odlu silah yarası alıb. Həmin xəsarətlər ağciyərin və ürəyin zədələnməsi, döş sümüyünün və qabırğaların çox sayda sınığı ilə müşayiət olunub.
Ekspertiza bu xəsarətləri dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri kimi qiymətləndirib. Bildirilib ki, məhz həmin yaralar zərərçəkmişin ölümünə səbəb olub.
Bundan başqa, mərhumun bədənində alın nahiyəsində, başın tüklü hissəsinə keçid sahəsində, qarının sağ yan səthində, sağ bazu və said nahiyələrində, eləcə də sağ dirsək oynağının arxa səthində çox sayda xəsarət müəyyən edilib. Ümumilikdə 23 ədəd olan bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.
Beləliklə, Elşən Hüseynov əvvəlcədən yaranmış qisas niyyəti ilə hərəkət edərək Səxavət Qəhrəmanovu ov tüfəngindən açdığı atəşlərlə qəsdən öldürüb.