Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (qadın) sentyabrın 16-da saat 22:15-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, alının açıq yarası diaqnozu təyin olunub, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə nəticəsində iki nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən qəzanın bəzi təfərrüatları bəlli olub.
Oxu.Az BAKU TV-yə istinadla xəbər verir ki, Astara istiqamətində hərəkətdə olan Lənkəran rayonunun Şıxakəran kənd sakini, 42 yaşlı Amid Məmmədovun idarə etdiyi mikroavtobus İranın Astara şəhər sakini Aydın Riyazinin sükanı arxasında olduğu yük avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda sərnişin qismində olan iki nəfər - Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirov həyatlarını itiriblər.
48 yaşlı Gülnarə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır qiymətləndirilən yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Yük avtomobilinin sürücüsü qəzanın necə baş verdiyini belə izah edib:
"Hərəkətdə olanda maşınımdan səs gəldi. Dönmə işığını yandırdım ki, yavaş-yavaş maşını kənara çəkib saxlayım. Anidən mikroavtobus tormozsuz gəlib maşının altına girdi".
Faktla bağlı araşdırma aparılır.
Lənkəran-Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Mercedes Vito" markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Lənkəranda baş verən ağır qəzanın bəzi təfərrüatı məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərdən birinin və xəsarət alan şəxsin kimliyi məlum olub.
Ölənlərdən biri Lənkəran rayonunun Şıxakəran kənd sakini, 1962-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayevadır. Həlak olan digər şəxsin kimliyi hələ məlum deyil (kişi cinslidir).
Ağır xəsarətlər alan 1978-ci il təvəllüdlü Gülnarə Süleyman qızı Hüseynova isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
"Mercedes Vito"nun sürücüsü Lənkəran rayonunun Şıxakəran kənd sakini, 1984-cü il təvəllüdlü Amid Əhməd oğlu Məmmədov xəsarət almayıb.
"Dong Feng"in sürücüsü İran İslam Respublikasının Astara şəhər sakini Aydın Riyazi də yaralanmayıb.
Fakt üzrə araşdırma aparılır.
Sentyabrın 16-da saat 21:20-də Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.
Oxu.Az bildirir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, nəticədə mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunub.
Lənkəranda "Mercedes Vito" ağırtonnajlı yük avtomobili ilə toqquşub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin mikroavtobusu arxadan İran İslam Respublikasına gedən TIR-a çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.