Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün Masallı rayonunun Həsənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1990-ci il təvəllüdlü Fərmudə Hüseynovanın idarə etdiyi "Nissan Sunny" markalı maşın kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca dəyib. Daha sonra isə aşıb.
Hadisə nəticəsində, sürücü və sərnişinlər 1975-ci il təvəllüdlü Gülşən İsmayılova, 1985-ci il təvəllüdlü Nuriyə Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin bütün tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, 1961-ci il təvəllüdlü S.Vəlişovanın ölüm faktı qeydə alınıb.
Qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Masallı rayonunun Həsənli kənd ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumata görə, hadisə maşında olan qadınlar yeni ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedən zaman baş verib.

Əli Məmmədov
Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd edilib ki, dekabrın 1-də saat 13:10-da Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan dörd nəfər (qadın) Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Hazırda pasiyentlərdən 3 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Onlardan iki nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin səylərinə baxmayaraq saat 14:40-da 1961-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynova idarə etdiyi "Nissan Sunny" markalı avtomobillə Masallı rayonunun Həsənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər- 1975-ci il təvəllüdlü Gülşən İsa qızı İsmayılova, 1985-ci il əvəllüdlü Nuriyə Rasim qızı Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda İsa qızı Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. S.Vəlişova aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli