Naxçıvandakı istirahət mərkəzində üç nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Şahbuz rayonunun Ayrınc kəndində sakinlərdən biri həyətində ailəvi istirahət məkanı açıb və orada qonaqlara xidmət edirmiş. Həyətin sahibi məkanın adını isə "Ayrınc" ailəvi istirahət evi adlandırıb.
Naxçıvan şəhər sakinləri - 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və qohumları, 1947-ci il təvəllüdlü Səbinə Məmmədova Şahbuz rayonunun Ayrınc kəndinə istirahətə gediblərmiş. Onlar həmin məkanda bir günlük kirayə ev tutub, orada istirahət etmək istəyiblər.
Həmin vaxt onlar ev sahibinin həyətində yaradılmış süni gölün üzərində kustar üsulla, dəmir çəlləklərdən hazırlanmış kanata bənzər qurğunu görüb, həmin qurğudan istifadə etmək qərarına gəliblər. Tural bununla bağlı ev sahibinə müraciət edib. Ev sahibi onlara həmin qurğuya üç nəfərdən artıq insanın minməsinə icazə verməyib. Amma ailə onun sözünə məhəl qoymayıb və həmin dəmir qurğuya beş nəfər daxil olub. "Kanat" gölün üzərinə çatanda qırılıb və ailənin hamısı gölə düşüb.
Hadisə nəticəsində Təranə Hüseynova və 14 yaşlı qızı Ceyran göldə dəmir çəlləklərin zərbəsindən dünyasını dəyişiblər. Hadisə nəticəsində xəsarət alan S.Məmmədova isə xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı gölə düşən Tural Hüseynov və oğlu Nicat sağ qalıblar.
Faktla bağlı araşdırmalar davam edir.
Samir Əli
Şahbuzda istirahət mərkəzində su üzərində olan - əldə hazırlanmış platformanın aşması nəticəsində həlak olan şəxslərin adları məlum olub.
Oxu.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Sevinc Abdulla qızı Hüseynova, onun qızı, 2011-ci il təvəllüdlü Ceyran Tural qızı Hüseynova və nənə, 1947-ci il təvəllüdlü Səbinə Xəlil qızı Məmmədova həlak olublar.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisədən sonra xəstəxanaya gedərkən qəzaya düşərək xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaralılarda ciddi xəsarət olmayıb.
Həmçinin əlavə olunub ki, vəziyyəti qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Aygün Mirakif
Naxçıvanda bədbəxt hadisə baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.
İstirahət mərkəzlərinin birində süni göl üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda keçirdiyi şokdan dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüblər. Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Tural Əli oğlu Hüseynov və onun oğlu, 2007-ci il təvəllüdlü Nicat xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.