Şabranda yük avtomobilinin qatarla toqquşması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, noyabrın 29-u saat 13:20-də Şabranda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1978-ci il təvəllüdlü şəxs (kişi) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Açıq kəllə-beyin travması, komatoz vəziyyət diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Sözügedən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub".
Şabranda yük avtomobili dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları (ADY) ASC-dən verilən məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə noyabrın 29-u saat 12:20-də qeydə alınıb:
"Mercedes" markalı yük avtomobili dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq hərəkət edən yük qatarının qarşısına çıxıb.
Maşinist tərəfindən təcili tormozlama edilsə də, məsafə az olduğundan nəqliyyat vasitələrinin toqquşması qaçılmaz olub.
Hadisə aidiyyəti üzrə araşdırılır.
ADY bir daha hərəkət iştirakçılarını təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Şabranda qatarın evakuatorla toqquşması nəticəsində sürücü yaralanıb. Sürücünün vəziyyəti ağır olduğundan Bakıya aparılıb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində, Sarvan dəmiryol stansiyası ərazisində baş verib.
Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.