Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı yeddi nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda qeyd edilir ki, hadisə ilə əlaqədar 02.09.2025-ci il tarixində saat 11:10 radələrində yeddi nəfər (beş kişi, iki qadın cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə təxliyə olunublar.
Hazırda Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində onların müayinələri davam etdirilir.
Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.
Rayonun Qaraağaclı qəsəbə sakini, 1967-ci il təvəllüdlü Rafiq Behbudovun idarə etdiyi VAZ-2107 avtomobili qarşı hərəkət zolağında olan "Hyundai" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-ın sürücüsü Rafiq Behbudov ölüb, avtomobildə olan oğlu, 2001-ci il təvəllüdlü Emin Behbudov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli