Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küngüt kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən KIA, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə VAZ-2107 markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlunun, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızının və Mehtiyeva Yeganə Kamal qızının meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bundan əlavə, qəza hadisəsi nəticəsində KIA markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şəkidə baş verən ağır qəzada 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.
Oxu.Az bildirir ki, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub. Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir.
Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir.
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində qeydə alınıb.
KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə, 3 nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Samir Əli