Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tələbələrin düşdüyü ağır qəzaya görə QƏRAR VERİLDİ - Bir nəfər ölmüşdü
Ağstafa rayonunda ölümlə nəticələnən qəzaya görə açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qəzaya səbəb olan tələbəyə hökm oxunub.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Sənan Hüseynovun idarə etdiyi VAZ-21099 avtomobili ilə Köçəsgər kəndi ərazisində qəza törədib.
Belə ki, avtomobil asfalt yoldan çıxaraq ağaca çırpılması nəticəsində maşında olan sərnişinlər - 2004-cü il təvəllüdlü Kamal Kamandar oğlu Mikayılov, 2002-ci il təvəllüdlü Niyaməddin Nurəddin oğlu Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Digər sərnişin 2005-ci il təvəllüdlü Murad Şəmistan oğlu Məmmədov isə almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Murad Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Avtomobildə olan gənclər dost olublar. Eyni universitetdə təhsil alıblar.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən Sənan Hüseynov ifadə verən zaman deyib ki, maşın atasına məxsus olub və etibarnamə ilə idarə edib. Hadisə vaxtı dostları ilə istirahətdən gəlirmişlər. Onun sözlərinə görə qəzaya səbəb maşını idarə edən zaman telefona baxması olub. Diqqəti yayındığı üçün maşın asfalt yoldan çıxaraq yol kənarındakı qaz borusuna, sonra isə ağaclara çırpılıb. O, əməlindən peşman olduğunu bildirib.
Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Sənandan şikayətçi olmayıblar. Mərhumun hüquqi varisi də Sənanı bağışlayıb.
Hökmə əsasən, Sənan barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.