Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təyyarə qəzasında yaralananların son durumu AÇIQLANDI: Bir nəfərin vəziyyəti ağırdır
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan 4 nəfərin (bir kişi və üç qadın olmaqla) stasionar müalicəsi davam etdirilir, reanimasiya şöbəsinə yerləşdirilən bir nəfərin vəziyyəti ağır stabildir.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Qeyd olunub ki, stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.
Məlumatda xatırladılıb ki, "Yeni Klinika"ya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib.
Təxliyə olunan pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) ikitərəfli pnevmohemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib.
Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinə olunublar.
Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə buraxılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub.
Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı "J2-8243" nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Telefonu yoxlamaya gələnlərin üzünə çırpdığı deyilən baş həkim: "Ağladım, şiddət kimi qələmə verdilər"
- Həkim hansı hallarda xəstənin müalicəsindən imtina edə bilər?
- Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI
- Narkoloji Mərkəzin direktoru CƏRİMƏLƏNDİ
Rəylər