Tovuzda 31 yaşlı Kainat Namazovun anası və bacısını baltalayaraq evini yandırmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, ailə başçısı Elbrus Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.
Bir müddət əvvəl E.Namazov infarktdan dünyasını dəyişib. Təxminən, 10 gün əvvəl onun 40 mərasimi keçirilib. Anadangəlmə ruhi əsəb xəstəsi olan Kainat Namazov atasının ölümünə qədər sakit təbiətli olub. Ancaq yas mərasimindən sonra aqressivləşməyə başlayıb və bir neçə dəfə evdə yersiz mübahisələr yaradıb.
İyunun 6-da günorta saatlarında K.Namazov növbəti dəfə anası Sevinc Namazova ilə mübahisə edib. Mübahisə sakitləşəndən bir saat sonra K.Namazov qəflətən həyətdəki, içərisində tezalışan maddə olan qabı götürərək evə daxil olub və mənzilə daxildən od vurub. Anası və bacısı Kainata mane olmaq istəsələr də, alınmayıb. O, həyətdəki yarımtikilidən baltanı götürüb evə girərək yanğını söndürməyə çalışan anası və bacısına baş nahiyələrindən ardıcıl zərbələr endirib.
Evin yandığını görən qonşular hadisə yerinə gələrək K.Namazovun əlindən baltanı alıb, onu zərərsizləşdiriblər.
Tovuzda qardaşı tərəfindən balta ilə xəsarətlər yetirilən 25 yaşlı qızın vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, A.Namazova və anası Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
A.Namazovaya ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunub və o, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Vəziyyəti ağır olan S.Namazova isə xəstəxanaya daxil olan kimi ölüb.
Tovuzda yaşadığı evi yandıran ruhi əsəb xəstəsi Kainat Namazov hadisədən əvvəl bacısı və anasına balta ilə xəsarətlər yetirib.
Oxu.Az-ın məlumatına görə, K.Namazov əvvəlcə anasını baltalayıb. Hadisədən xəbər tutan bacısı ona mane olmaq istəyərkən K.Namazov ona da xəsarətlər yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, ruhi xəstənin anası, 1970-ci il təvəllüdlü Sevinc Namazova orada ölüb. 2000-ci il təvəllüdlü A.Namazova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları hadisədə şübhəli bilinən K.Namazovu saxlayıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Tovuz şəhərində ruhi xəstə yaşadığı evi yandırıb.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini, anadangəlmə ruhi əsəb xəstəsi yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o, evə tezalışan maddə tökərək od vurub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yanğının genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli