Abşeron rayonunun Xırdalan şəhərində dostunu bıçaqlayan şəxs həbs edilib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, Nurlan (ad-soyad şərti verilib - red.) kafedə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Hikmətlə telefonda mübahisə edib və onu görüşə çağırıb.
Onlar gecə kafedə görüşüblər, mübahisəni davam etdiriblər. Nurlan üzərində gəzdirdiyi bıçaqla Hikmətin qarın nahiyəsinə zərbə endirib.
İstintaq orqanı tərəfindən Nurlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Nurlan istintaqa ifadəsində bildirib ki, Hikmətlə dostluq münasibəti olub: "Günel adlı qızla əvvəllər münasibət saxlamışdım. Hikmət ona təkliflər edirdi. Mən də ona zəng edib Güneldən çəkindirmək istədim. Həmin vaxt aramızda mübahisə yarandı. Daha sonra onu çağırıb görüşdüm. Hikmətin yanında mopedlə başqa biri də gəlmişdi. Hikmətlə mübahisə vaxtı mənim üstümə qışqırdı. Onu qorxutmaq üçün bıçağı çıxardım. Həmin bıçaq Hikmətə məxsus idi.
Mən maşın təmiri ilə məşğul oluram, bıçaqda olan boşluğu sıxmaq üçün onu sexə aparmışdım. Hikmət əlimdəki bıçağı görüb məni "Oba" marketin arxasına çəkdi. Orada öz bıçağını istədi, mən isə vermədim, bu zaman məni itələdi. Çəkişmə vaxtı bıçaq ona dəydi. Sonra təcili tibbi yardıma, Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng etdim. Eyni zamanda ətrafdakılardan kömək istədim. Hikmət mənim dostumdur, onu qoyub gedə bilməzdim. Ona görə də, hadisə yerində qaldım və polis əməkdaşları gəlib məni apardılar".
Hikmət ifadəsində bildirib ki, Nurlan bir neçə dəfə zəng edib və harada olduğunu soruşub:
"Nurlanla Günelin arasında mübahisə yaranmışdı. Nurlan məndən Günelə yazmağımı istəmişdi. Mən də razılaşmışdım. Qıza zəng etdim, "alo" deyib telefonu söndürdü, nömrəmi bloka atdı. Axşam gəlib Nurlana qızın mənim nömrəmi bloka atdığını dedim.
Səhəri gün işə gəldim. Axşamüstü Nurlan zəng etdi, qıza niyə mesaj yazdığımı soruşdu. İşdən çıxanda məhəllədən olan tanışımdan məni mopedi ilə market tərəfə aparmasını xahiş etdim. Tanışım məni orada düşürəndə Nurlanı gördü. Məndən "salamatçılıqdır?" deyə soruşdu. Nurlan həmin vaxt içkili idi, elə bildi ki, onun üstünə adam gətirmişəm. Nurlana həmin şəxsin mopedlə məni bura gətirdiyini və çıxıb gedəcəyini dedim.
Nurlan yenidən qıza niyə yazdığımı soruşdu, mən də sakitcə yazmadığımı dedim və mesajı göstərməsini istədim. Bu zaman onunla mübahisə etdik. Onda bıçağımı gördüm.
Nurlan mənə bıçağı sexdə sıxıb qaytaracağını demişdi, amma nə vaxt gətirəcəyini deməmişdi. O, içkili idi, mən isə heç vaxt içki içməmişəm. Nurlandan üzərindəkinin mənim bıçağım olub-olmadığını soruşdum. Təsdiq edəndə bıçağımı istədim, amma o verməkdən imtina etdi.
O, bıçağın sapından, mən tiyəsindən tutdum, dartışdıq. Nurlan birdən bıçağı buraxdı və tiyə mənim qarnıma girdi. Nurlan məni qoyub getmədi, əksinə, məni dizinin üstünə uzatdı, ağladı. Marketdən su alıb gətirdi, atasına və atama zəng etdi".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Nurlan 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.