Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 13-ü, saat 15:10-da Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1995-ci il və 2011-ci il təvəllüdlü şəxslərə diz nahiyəsinin əziyi, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2011-ci il təvəllüdlü şəxs yaxınlarının istəyi ilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. 1995-ci il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova
Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Zərdab-Ucar yolunun Zərdab rayonu 51 saylı qəsəbədən keçən hissəsində baş verib.
Rayon sakini Nihat Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi "BMW 320i" markalı avtomobillə Mustafa Hacı oğlu Məmmədovun idarə etdiyi "Renault Megane" markalı maşın toqquşub.
Hadisə nəticəsində Mustafa Məmmədov aldığı xəsarətlərdən Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb, sərnişinlər - Gündüz Yusif oğlu Novruzov və Məhəmməd Qurban oğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli