25 
Yan
2024
17:52
83
17
2555
Virtual karabakh

Azərbaycanda üç provayderin uçotu ləğv olunub

25 Yan, 2024
17:52
2555

Azərbaycanda üç provayderin uçotu ləğv olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet provayder və operatorların uçotunun aparılması istiqamətində fəaliyyətini davam etdirir.

Agentlikdən verilən xəbərə görə, Azərbaycanda fəaliyyət göstərən “İzone” MMC, “Technonet” MMC və “Internet Service Provider” MMC-lər uçotun ləğv olunması üçün müraciət ediblər.

Müraciətlərdə uçotun ləğv edilmə səbəbi kimi şirkətlərin fəaliyyətinin dayandırılması göstərilib.

“İzone”, “Technonet” və “Internet Service Provider” MMC-lərin uçotunun ləğv edilməsi təmin olunub və ümumi uçot məlumatları müvafiq hissələrdə yenilənib.

Həmçinin internetin təkrar satışı xidmətini göstərən “Azintelnet” MMC-nin müraciəti əsasında onun uçota alınması həyata keçirilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 153-ə çatıb.

İKTA bir daha bəyan edir ki, uçota alınmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.

Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirir, genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunur. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri