Türkiyə millisinin və “Fənərbağça”nın gənc ulduzu Arda Gülər rəsmən Madrid “Real”ına transfer olunub.
İspanlar digər nəhənglərlə apardıqları mübarizədə qalib gələrək 18 yaşlı vinger üçün 20 milyon avro ödəyiblər.
“Qafqazinfo”nun məlumatına görə, hazırda İspaniyanın və dünyanın gündəmində olan gənc istedadın kimliyi isə maraq doğurur. Necə oldu ki, qısa müddətdə ölkəsinin ulduzuna çevrildi?
Arda Gülər 25 fevral 2005-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərinin Altındağ rayonunda dünyaya göz açıb. Futbolçu karyerasına 2014-cü ildə paytaxtı təmsil edən “Gənclərbirliyi” klubunda başlayıb. 5 il burada oynadıqdan sonra isə “Fənərbağça” skautlarının diqqətini cəlb edib. “Osmanlıspor” - “Gənclərbirliyi” oyunundan sonra istanbulluların skautu Serhat Pekmezci onunla maraqlanmağa başlayıb. 14 yaşlı oyunçunun keçirdiyi matçlardan görüntüləri yığan Pekmezci bunu klubun idman direktoru Damien Komolli və prezident Ali Koça göstərib.

Eyni zamanda “Qalatasaray” rəhbərliyi də onu heyətinə qatmaq üçün mübarizəyə başlayıb. Ali Koç isə “Gənclərbirliyi” prezidenti Murat Cavcavdan şəxsən xahiş edib və Ardanın keçidinə nail olub. Ankara klubuna isə bu transfer üçün 150 min lirə (28 min avro) transfer məbləği ödənilib.
2019-cu ildə onunla rəsmi müqavilə imzalanıb. 2 il İstanbul klubunun aşağı yaş qruplarında oynadıqdan sonra 2021-ci ildə əsas heyətə cəlb olunub. İlk oyununu isə UEFA Avropa Liqasının pley-off mərhələsində Finlandiyanın “Helsinki” klubuna qarşı keçirib. Bundan cəmi 3 gün sonra o, “Antalyaspor”la qarşılaşmada meydana çıxıb və qol ötürməsi edib. İlk qolunu isə 2022-ci il martin 13-də Super Liqa oyununda “Alanyaspor”un qapısına vurub.