Dinamik inkişaf. Bu söz birləşməsi Azərbaycanın indiki tarixi mərhələsini çox dəqiq ifadə edir desək, yanılmarıq.
Son illər müşahidə olunan inkişaf tempi xüsusilə diqqətçəkəndir. Azərbaycan paytaxtı Bakı şəhərinin görkəminin dəyişməsi buna əyani misaldır. Şəhər tikintisinə göstərilən xüsusi diqqət tezliklə öz gözəl nəticəsini verdi. Heydər Əliyev Mərkəzi, Flame Towers, Bakı bulvarının heyrətamiz şəkildə dəyişməsi, yaraşıqılı çoxmərtəbəli binalar Bakı əhalisinin qürur mənbəyinə çevrilib.
Bir vaxt paytaxtımızın qonağı olmuş əcnəbilər yenidən Bakıya gəldikdə şəhərdəki gözəl yeniliklərə heyran qalırlar. Xüsusilə qeyd etmək lazımdır ki, bütün bu gözəlliklər ayrı-ayrı mütəxəssislərin Vətənin inkişafı naminə günbəgün sərf etdiyi ağır əməyinin bəhrəsidir.
Və bu proses bir yerdə dayanmayıb. Ölkədə bir sıra maraqlı layihələr həyata keçirilib, onların davamı kimi yeni fikirlər, ideyalar gəlir ki, bunların da reallaşmasına çox qalmayıb. Belə layihələrdən biri də 3Dproject tərəfindən işlənən “Bakı Planeti”dir. 3DProject-in konkret nə ilə məşğul olması və ümumiyyətlə, “Bakı Planeti” haqqında şirkətin direktoru Kamran Kərimbəyov danışıb:

- Şirkətimizin bazarda cəmi 2 ildir ki olmasına baxmayaraq, o, çox dinamikdir və uğurlu inkişaf yolu seçib. Bu müddət ərzində biz memarlıq, sənaye, hərbi, tibb və s. sahələrdə sifarişçilər üçün çox sayda maraqlı layihələr yaratmışıq. Layihələrimizə dair təfsilatlı məlumatı saytımızdan əldə edə bilərsiniz.
Bu gün biz maketlərin yaradılması sürətini dəfələrlə artırmışıq. Əvvəllər mütəxəssislər bu işi əllərilə həyata keçirirdilər və belə deyək, böyük bir binanın maketinin hazırlanması həddindən çox vaxt aparırdı, hətta, bəzən bir il! Bu gün müasir avadanlıq və 3D texnologiyalar sayəsində işləri bundan qat-qat qısa zaman ərzində həyata keçiririk.
- Siz əl işindən, ümumiyyətlə, istifadə etmirsiniz?
- Bizim sahədə əl işindən tamamilə imtina etmək mümkün deyil, xüsusən də söhbət möhtəşəm layihələrdən gedirsə. Özünəməxsusluq, eksklüzivlik və standart işlərdən fərqlilik məhz əl işləri sayəsində alınır.
- Sizi rəqiblərinizdən fərqləndirən cəhət?
- Təvazökarlıqdan uzaq olsa da, bir obyektivliyi deyəcəyəm: bizim rəqiblərimiz, ümumiyyətlə, yoxdur. Buna səbəb bir komandada yüksək səviyyəli peşəkarların çalışmasıdır. Bu sahədə ikinci belə komanda yoxdur. Baxın, şirkətimizdə 3 elektronçu, 3 mexanik, 12 maketçi, 9 3D dizayner, 6 rəssam və 2 layihəçi-mühəndis çalışır. Onların hamısı ABŞ, Rusiya və Avropada təkmilləşmiş, treninq keçmiş istedadlı azərbaycanlılardır. Bir böyük müsbət cəhətimiz də ondan ibarətdir ki, işimiz ən müasir avadanlıq üzərində qurulub.

- Layihə haqqında danışardız, güman ki, bu çox maraqlıdır.
- Biz hamımız vətənimizi, paytaxtımızı sevirik. Xaricdə olanda doğma şəhərimə qayıdacağım günü, təyyarənin Bakının hava limanında enəcəyi dəqiqqəni, dostlarımı, doğmalarımı görəcəyim anı gözləyirəm. Məhz küçələrində böyüdüyümüz və bu gün də yaşadığımız şəhərə olan sonsuz məhəbbət, ona qarşı ən saf duyğular bizi bu layihəni işləməyə sövq edib.
Hamılıqla layihəni “Planet” adlandırmağı qərara aldıq.
Çünki, şəhərimiz bizim üçün bütün hiss və həyəcanımızın, xatirələrimiz və xoş gözləntilərimizin Planetidir.
“Bakı Planeti” layihəsi şəhərin möhtəşəm bir maketidir. Burada şəhərin küçələrində görə biləcəyiniz hər bir şey - binalar, parklar, yollar, abidələr, tarixi yerlər, hava limanı, dəniz kənarı, insanlar və s. əksini tapıb. Qeyd olunanlarla yanaşı, hələ ki, kağız üzərində olan gələcəyin layihələrini də göstərməyi planlaşdırırıq.
Dünya təcrübəsində ayrı-ayrı şəhərlərin, hətta ölkələrin bir-neçə böyük maketləri mövcuddur. Hazırda elə bir detallaşdırma və interaktivlik verməyi planlaşdırırıq ki, bizə qədər buna bənzər layihələrdə istifadə olunmayıb.

- İnteraktivlik dedikdə nəyi nəzərdə tutursunuz? Bu terminlər heç də hamıya aydın deyil...
- Bizim maket canlı olacaq, orada insanlar yeriyəcək, avtomobillər hərəkət edəcək, burada gecə də olacaq, gündüz də, yağış da, qar da, bağlarda əncirlər, küçələrdə gözəl insanlar olacaq. Maketdə haloqramlar və əksproyeksiya, əlavə reallıq və müəllif işi, eləcə də bəşəriyyətin yaratdığı ən yaxşı və ən müasir şeylər öz əksini tapacaq. Hələ yaradılmayan şeyləri isə özümüz yaradıb, elə özümüz də tətbiq edəcəyik. Həmçinin, gələcək layihələr də öz əksini tapacaq. Biz əsl sənət əsəri yaratmağı planlaşdırırıq. Razılaşın ki, şəhərimiz bu cür reklama layiqdir. Bu çox əziyyətli və böyük diqqət tələb edən işdir. Onu yerinə yetirmək üçün var qüvvəmizi və enerjimizi səfərbər etməyə hazırıq.
- Analoji layihəni bütün Azərbaycan üçün həyata keçirə bilərdiz?
- Bu çox ciddi və böyükmiqyaslı işdi, buna baxmayaraq, maketin bütün dövlət üçün işlənməsinə başlmağa hazırıq. Bunun üçün bizə ciddi dəstək tələb olunur, özü də təkcə maddi yox.
- “Bakı Planeti” ölkəyə nə verəcək?

- Əminəm ki, oxucularımız uşaqları ilə birgə”Bakı Planeti”ni ziyarət edərlər ki, doğma şəhərlərini kiçildilmiş miqyasda görsünlər – bu hamı üçün maraqlıdır. Son illər turizmə böyük diqqət ayrılır.
Bizim layihəmiz turizm sektorunun inkişafına təkan verə bilmək iqtidarındadır.
Məsələn, qonaqlar əyani olaraq şəhərimizin görünüşü ilə tanış ola bilərlər. Bu, həmçinin, Azərbaycan vətəndaşları üçün maraqlı olacaq. Komandamız çox istərdi ki, bu layihə istənilən ziyarətçidə Bakı şəhərinə məhəbbət yaratsın.
Ümidvaram ki, o, Vətənimiz üçün daha bir qürur mənbəyi olacaq.
- Maraqlı müsahibə üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.
- Çox sağ olun. Biz də öz növbəmizdə əminik ki, bu layihə dünyada ən maraqlılardan olacaq.

Söhbət etdi: Rəşad İbrahimov
Bizimlə əlaqə:
Telefon: (99412) 537 1038
Mobil: (99450) 252 0095
Ünvan: N. Nərimanov küç. 187
e-mail: office@3dproject.az