“Bu gün mənə çoxsaylı zənglər gəlir. Xaricdən də zənglər edib məni təbrik edirlər. Təbriklər gün boyu davam edəcək. Hələ çoxuna cavab verə bilmirəm”.
Bunu Oxu.Az-a azərbaycanlı hakim-inspektor, “Neftçi”nin sabiq futbolçusu və keçmiş FIFA referisi Asim Xudiyev deyib.
Bu gün A.Xudiyevin 65 yaşı tamam olub. O, yubileyi ilə bağlı bunları bildirib:
“Bu gün iş günüdür deyə çox adamla oturmaq mümkün olmur. Amma istirahət günlərindən birində mənə doğma olan insanlar üçün kiçik bir ziyafət verməyi düşünürəm. Süfrə arxasında keçmiş günləri yada salmağa çalışacağıq. 2-3 dəfə əməliyyat olunmuşam deyə, futbol matçı təşkil olunmayacaq. Artıq futbol oynamaq mənlik deyil”.
Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da bu gün Asim Xudiyevi təbrik edib, ona milli komandanın 65 nömrəli formasını təqdim edib.