Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun ilk yarımfinal matçlarından 23 min manat irəli düşüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, PFL-ə bu qədər xeyri AFFA İntizam Komitəsi verib.
Komitənin iclasında “Neftçi”yə 8000 manat, “Qəbələ”yə 14000 manat, “Xəzər Lənkəran”a isə 1000 manat cərimə kəsilib. “Rəvan”la matçın 52-ci dəqiqəsində flaqman azarkeşləri pirotexniki vasitələrdən yararlandıqları üçün klubu 1000 manat, oyundan sonra meydanı tərk edən rəqibin futbolçulara kənar əşyalar atdıqları üçün 2000 manat ziyana salıblar. Dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə isə “Neftçi” 5000 manat ziyana düşüb.
“Qəbələ” – “Xəzər Lənkəran” matçının 1 və 2-ci dəqiqələrində meydan sahiblərinin, 42-ci dəqiqədə qonaq komandanın azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Nəticədə hər iki klub 1000 manat cərimələnib. 5-ci və 8-ci dəqiqələrdə “Qəbələ”nin azarkeşləri meydana kənar əşyalar atdıqları üçün isə kluba 2000 manat cərimə kəsilib. 63-cü dəqiqədə bu komandanın məşqşisi Andrey Syomin texniki zona qaydalarını pozduğundan, meydandan qovulub. Nəticədə baş məşqçi Yuri Syominin oğlu 1 oyunluq cəzaya, klub 1000 manat cəriməyə məruz qalıb.
Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak hüququ olmayan “Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimi Rəhim Həsənovu təhqir edib. Nəticədə Allahverdiyev 5 oyunluq cəzalanıb, klub 10000 manat cərimələnib. Üstəlik, futbolçuya verilmiş 5 oyunluq cəzanın Premyer Liqa matçlarına şamil edilməsi qərara alınıb. Bu isə o deməkdir ki, Allahverdiyev yalnız çempionatın son turunda meydana çıxa biləcək.