AFFA ilk dəfə Premyer Liqada, I Divizionda, Region Liqasında, Qadınlar Yüksək Liqasında, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında keçirilən turnirlərdə iştirak edən klublar arasında e-futbol liqası keçirəcək.
Oxu.Az-a verilən məlumata görə, PES2020 üzrə keçiriləcək çempionata qeydiyyat aprelin 25-dən mayın 15-dək davam edəcək.
Mayın 25-də isə onlayn çempionat start götürəcək. Futbol üzrə kiberçempionat PES2020 qaydaları əsasında təşkil olunacaq. Turnirdə iştirak edəcək komandaların oyun konsolları və hesabları isə təmsil etdikləri klublar tərəfindən təmin olunmalıdır.
Hər komandanın heyəti klub tərəfindən müəyyənləşdirilmiş, 18 yaşı tamam olmuş iki nəfərdən ibarət olacaq. Komandalar ayrı-ayrılıqda iki oyun keçirəcək və qalibi müəyyənləşdirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir yarış üç ay davam edəcək.
Mükafatlara gəlincə, birinci yerin sahibinə e-Milli Liqanın Kuboku təqdim olunacaq. Həmçinin, qalib komanda e-Milli Komandada iştirak şansı qazanacaq. İkinci və üçüncü yerlərin sahiblərinə isə təşkilatçılar tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, pul mükafatları oyunçunun liqa zamanı toplamış xallarının x100 AZN mislinə (birinci yer üçün), x50 AZN mislinə (ikinci yer üçün) və x20 mislinə (üçüncü yer üçün) bərabərdir.
Turnir ərzində ən yaxşı nəticə göstərən altı oyunçunun beynəlxalq kiberçempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiberkomandalarla yoldaşlıq görüşləri unudulmaz təcrübə olacaq.
Qeyd edək ki, turnir “CBC Sport” telekanalı vasitəsilə canlı göstəriləcək.

Səbuhi Musayev