Xəbər verdiyimiz kimi, boks Olimpiadanın proqramından çıxarıla bilər.
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax bunu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) borclarının çoxalması, qurumun idarəetmə sistemində araşdırılmaların aparılması və ali boks təşkilatı ilə bütün təmasların dondurulması ilə əlaqələndirib.
Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin münasibətini öyrənib. Abıyev bütün bunlarda günahkar kimi Tomas Baxı görüb:
“Bu xəbəri ilk dəfə sizdən eşidirəm. Necə yəni boks Olimpiadadan kənarda qala bilər?! Bax özü qılıncoynadan olub. Xəbəri yoxdur ki, atletika və güləşlə birgə boks Olimpiadanın əsas üç idman növündən biridir. Bu üç idman növü ilk vaxtlardan Olimpiadada olub.
Bilirsiniz, mən bütün günahı elə Baxın özündə görürəm. Çinq-Kuo Vunu AİBA-nın prezidenti kimi təsdiqləyəndə hara baxırdı? Vu idmanla məşğul olmayıb, pulu düşünən insan olub. Sonra onun yerinə qoyulmuş vitse-prezident Franko Falçinelli ondan da betər idi. Elə Vunu AİBA-ya o cəlb etmişdi.
Ümumiyyətlə, İOC-da axmaqlar yığışıb, pulgirlər toplaşıb. İdmandan kənar insanları yığıblar oraya. Yenə Özbəkistan Boks Federasiyasının prezidenti Qafur Rəhimov idman adamıdır, keçmiş boksçu olub. Görək onu nə qədər vaxtadək müvəqqəti prezident saxlayacaqlar. Ancaq AİBA-nın borclarını ödəməyə onun da gücü çatmaz”.
Səbuhi TOFİQOĞLU
www.oxu.az