Almaniya Kuboku çərçivəsində "Valdhof" (Manheym) və "Kayzerslautern" (Kaizerslautern) komandaları arasında keçirilən futbol matçı zamanı iğtişaşlar baş verib, 35 polis əməkdaşı yaralanıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Manheym polis idarəsindən məlumat verilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, ümumilikdə 85 nəfər tibbi yardıma ehtiyac duyub, onlardan səkkizi xəstəxanaya aparılıb. 33 federal polis əməkdaşı və Baden-Vürtemberq əyalət polisindən 2 nəfər yaralanıb.
Matç Manheymdəki "Karl-Bents-Stadion"da təxminən 23 500 tamaşaçının iştirakı ilə baş tutub. Azarkeşlər oyun zamanı dəfələrlə pirotexnika vasitələr yandırıblar və atmosfer gərgin olub. 90 dəqiqənin sonunda vəziyyət daha da gərginləşib: meydanda oyunçular arasında insident baş verib və "Kayzerslautern" azarkeşləri "Valdhof" tərəfdarlarına doğru pirotexniki vasitələr atmağa başlayıblar, nəticədə hər fanatlar meydançaya soxulublar.
Vəziyyəti nəzarət altına almaq üçün polislər işə qarışıblar. Bir neçə futbol azarkeşi saxlanılıb. Bədən xəsarətləri yetirmə, təhqir, əmlaka ziyan vurma, ictimai asayişin pozulması, polis əməkdaşlarına qarşı zorakılıq, eləcə də partlayıcı maddələr haqqında qanununun pozulması maddələri üzrə araşdırma başlayıb. Asayişi ümumilikdə təxminən 1400 hüquq-mühafizə orqanı əməkdaşı qoruyub.
Manheym və Kayzerslautern şəhərləri bir-birindən cəmi 60 kilometr məsafədə yerləşir. "Valdhof" və "Kayzerslautern" arasında cənub-qərb derbisi Almaniya futbolunda ən kəskin və prinsipial derbilərdən biri hesab olunur.