“İyunun 17-də Veloparkda keçirilən şosse velosiped yarışları üzrə Bakı birinciliyində idmançını müşayiət edən AMADA-nın şaperonunun iştirakçısı olduğu hadisə ilə bağlı müvafiq araşdırma aparılıb”.
Bunu Oxu.Az-a Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) bildiriblər.
AMADA Bakı birinciliyinin keçirilməsi zamanı qəzaya səbəb olmuş əməkdaşı haqda araşdırmanın nəticəsini açıqlayıb:
“Araşdırma zamanı şaperonla söhbət aparılıb. Məlum olub ki, həmin gün müxtəlif kateqoriyalarda bir neçə yarış keçirilib. Üçüncü yarışdan sonra şaperon idmançılardan biri ilə yaxınlıqdakı xüsusi ayrılmış yerdə müvafiq anti-dopinq proseduru həyata keçirib.
Həmin müddət ərzində növbəti kateqoriyalarda yarışlar davam edib və yarış cığırının istiqamətində dəyişiklik edilib. Bundan xəbərsiz olan şaperon yarışın keçirildiyi yerə qayıdarkən bilmədən cığıra çıxıb. Nəticədə, hadisə baş verib.
Qeyd etmək lazımdır ki, xüsusi çəpərlərlə qorunmayan yarış zolaqlarında bəzən belə hadisələr olur”.
Xatırladaq ki, qəza nəticəsində İbad Abbasov adlı velosipedçi zədələnib. Velosipedlərdən birinin raması çatlayıb, digərinin isə karbon ön təkəri əyilib.
Səbuhi Musayev