İtaliyanın sabiq futbolçusu Antonio Kassano 11 illik fasilədən sonra rəsmi oyunda meydana çıxan braziliyalı Ronaldinyonun qərarını sərt tənqid edib.
Oxu.Az xəbər verir ki, Kassano bu barədə "Viva el Futbol" verilişində danışıb.
Kassano əvvəlcə Ronaldinyoya böyük hörmət bəslədiyini və onu futbol tarixinin ən yaxşı beş oyunçusundan biri hesab etdiyini bildirib. Bununla belə, braziliyalının yenidən rəsmi matçda iştirak etməsini düzgün addım saymayıb:
"Ronaldinyoya həm insan, həm də futbolçu kimi böyük hörmətim var. Onu Messi, Maradona, Ronaldo və bəlkə də Pele ilə birlikdə bütün dövrlərin ən yaxşı beş futbolçusundan biri hesab edirəm. Möhtəşəm karyerası olub, mümkün olan bütün titulları qazanıb.
Amma onun bir neçə gün əvvəl etdikləri mənə çox pis təsir bağışladı. 46 yaşında və bu fiziki vəziyyətdə niyə meydana çıxırsan? Bunu başa düşmürəm. Bəlkə də "Ravenna"nın prezidenti İqnatsio Çipriani ilə dostluğuna görə belə edib, ya da ona çoxlu pul ödəyiblər. Səbəbini bilmirəm. Məncə, bu, biabırçılıqdır".
Qeyd edək ki, 46 yaşlı Ronaldinyo noyabrın 15-də İtaliya B Seriyasının deyil, üçüncü liqası olan Seriya C-nin "Ravenna" klubunun heyətində "Forli"yə qarşı oyuna start heyətində çıxıb. Qarşılaşma "Ravenna"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Braziliyalı ulduz fasiləyədək meydanda qalıb və komandasının ilk qolunun vurulduğu hücumun qurulmasında iştirak edib. O, fasilədə əvəzlənərək azarkeşlərin alqışları ilə meydanı tərk edib.
Xatırladaq ki, Ronaldinyo "Ravenna" klubunun səhmdarlarından biridir. Onun rəsmi oyuna qayıdışı klubla razılaşmanın bir hissəsi olub.