"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIII turuna təsadüf edib.
Naxçıvan təmsilçisi "Qarabağ"la səfər matçında 0:6 hesabı ilə uduzub.
Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. "Araz-Naxçıvan"ın ilk belə matçı 2000-ci il sentyabrın 9-da "Neftçi"yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub.
Qeyd edək ki, "Qarabağ"la oyunlar son vaxtlar "Araz-Naxçıvan" üçün əsl kabusa çevrilib. Komanda rəqibi ilə keçirdiyi son üç görüşün hamısında darmadağın edilib - 0:5, 1:5 və son olaraq 0:6.