Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Arif Rəhimov: Formula 1 tarixində ilk dəfə mövsümdə 21 yarış keçiriləcək
Biz əvvəldən əmin olmalıyıq ki, bizim mərhələnin tarixi başqa ciddi idman yarışları ilə, xüsusilə də avtoidman yarışları ilə üst-üstə düşməsin.
Oxu.Az xəbər verir ki, bu barədə A.Rəhimov Britaniyanın nüfuzlu AutoSport.Com resursuna müsahibə verərkən söyləyib.
O qeyd edib ki, Formula-1 tarixində ilk dəfə mövsümdə 21 yarış keçiriləcək.
“Prinsipcə, biz hər şeyi federasiya ilə birlikdə edirdik. Logistika ilə bağlı problemlər üzə çıxdı, ona görə də təqvimdə yeni tarix axtarmalı olduq - seçdiyimiz yeni tarix bizə daha real göründü. Bildiyiniz kimi, ilk versiyada bizim yarış iyulun 17-də planlaşdırılmışdı, biz iyunun 19-da keçirilməsini logistik baxımdan qənaətbaxş seçdik.
Amma o zaman biz bilmirdik ki, seçdiyimiz gün daha bir yarış olmalıdır, yəni Le Man yarışının tarixindən xəbərsiz idik. Amma nəzərə almaq lazımdır ki, avtoidman təqvimi çox gərgindir və onu hamının xoşuna gəlsin deyə formalaşdırmaq çox çətindir.
Buna baxmayaraq, növbəti illərdə biz mütləq imkan daxilində bu cür tarixlərin üst-üstə düşməsindən uzaq olmağa çalışacayıq. İldən ilə tarixlər bir qədər dəyişir, amma biz əvvəldən əmin olmalıyıq ki, bizim mərhələnin tarixi başqa ciddi idman yarışları ilə, xüsusilə də avtoidman yarışları ilə üst-üstə düşməsin.
Qarşıdakı mövsüm maraqlı olacaq, Formula1 tarıxındə ilk dəfə mövsümdə 21 yarış keçiriləcək. Hələ təqvimdə bu qədər yarış olmayıb və bu qədər mərhələnin hansısa başqa bir yarışla üst-üstə düşməsi qaçılmazdır.
Əslində, bizim Avropa Qran Prisi günlərində, nəinki, Le Man yarışı olacaq, həm də Avropada futbol üzrə qitə çempionatı da keçiriləcək. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu tarixdə bizim mərhələ olmasaydı, başqa hər hansısa bir mərhələ olmalıydı...”
Qeyd edək ki, gələn il ölkəmizdə debüt edəcək Formula1 yarışının təşkilatçısı olan "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin başçısı Arif Rəhimov bu günlərdə böyük nümayəndə heyəti ilə Abu Dabi Qran Prisindədir.
E.Ə.
www.oxu.az
Rəylər