Ötən gün "Arsenal"a rəhbərlik edən ispaniyalı mütəxəssis Mikel Arteta karyerasında ilk dəfə olaraq İngiltərə Premyer Liqasının qalibi adını qazanıb.
Oxu.Az "Çempionat" nəşrinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının mövcud olduğu bütün dövr ərzində heç bir ingilis baş məşqçi çempionluq sevinci yaşamayıb.
Titulların 13-ü şotlandiyalı Aleks Ferqyusonun, 6-sı ispaniyalı Pep Qvardiolanın, hərəyə 3-ü isə portuqaliyalı Joze Mourinyo və fransız Arsen Vengerin payına düşür. Həmçinin, müxtəlif illərdə İPL-in qızıl medallarını italiyalılar Karlo Ançelotti, Antonio Konte, Klaudio Ranyeri və Roberto Mançini, çilili Manuel Pelleqrini, almaniyalı Yurgen Klopp, şotlandiyalı Kenni Dalqliş və niderlandlı Arne Slot əldə ediblər.
İngiltərə çempionatını sonuncu dəfə yerli mütəxəssis 1991/92-ci illər mövsümündə - İngiltərə Premyer Liqasının yaranmasından əvvəl qazanıb. Həmin vaxt Hovard Uilkinson "Lids"lə birlikdə kuboka sahib çıxmışdı.