İyunun 11-də “Bakı-2015” birinci Avropa Oyunlarının Atletlər Kəndində Azərbaycan və Avropa Olimpiya Komitəsinin bayraqları qaldırılıb.
Oxu.Az xəbər verir ki, Bayraqlar müvafiq olaraq Azərbaycanın və Avropa Olimpiya Komitəsinin himnlərinin müşayiəti ilə dalğalandırılıb.
Atletlər Kəndində idmançıları salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov onları idman tarixinin bir parçasına çevrildikləri üçün təbrik edərək deyib: “Avropanın güclü idmançılarını salamlamaqdan çox məmnunam. Qitənin 6 mindən artıq idmançısı birinci Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda layiqli olan qalib gələcək”.
Sonra Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Azərbaycan komandasının rəhbəri Könül Nurullayevaya və Yunanıstan kollektivinin şef-de-missionu Monalis Kolimpadisə xatirə hədiyyələri təqdim edib.
Tədbir konsert proqramı ilə başa çatıb.