2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi reytinqi ən aşağı olan komandaların yer aldığı 5-ci səbətdə qərarlaşıb.
Yığmamızla birlikdə bu səbətdə Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də yer alıb. Ümumilikdə, püşkatmada iştirak edəcək 54 milli komanda beş səbətə bölünüb. İlk dörd səbətin hər birində 12, sonuncu səbətdə isə altı komanda olacaq.
AVRO-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. UEFA-nın rəsmi məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, AVRO-2028-in final mərhələsində ümumilikdə 24 milli komanda iştirak edəcək. Onlardan 20-si seçmə mərhələdən vəsiqə qazanacaq. 12 qrupun qalibləri və ən yaxşı nəticə göstərən 8 qrup ikincisi birbaşa final mərhələsinə yüksələcək.
Qalan yerlərdən ikisi seçmə mərhələdə birbaşa vəsiqə qazana bilməyən ən yaxşı nəticəli ev sahibi ölkələrə (İngiltərə, Şotlandiya, Uels və İrlandiya) ayrılıb. Son 2-4 vəsiqənin sahibi isə seçmə mərhələdəki digər qrup ikinciləri və 2026/27 UEFA Millətlər Liqasının ən yaxşı nəticə göstərmiş, hələ vəsiqə qazanmamış qrup qalibləri arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
