Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanın üç güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
Azərbaycanın daha üç güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb.
Oxu.Az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan təmsilçilərindən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal qazanıblar.
İlk olaraq, 57 kq çəki dərəcəsində mübarizə aparan İslam Bazarqanov üçüncü yer uğrunda görüşdə bolqarıstanlı İvaylo Tisova qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.
Daha sonra, 65 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə ukraynalı Andrey Sviridlə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Son olaraq, 70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov macarıstanlı İsmayıl Musukayevə qalib gələrək, bürünc medalı qazanan üçüncü azərbaycanlı güləşçi olub.
Azərbaycanın 2 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Osman Nurmaqomedov yarımfinalda gürcüstanlı Miriani Maysurazdeyə qalib gəlməklə finala adlayıb.
125 kq çəkidə yarışan digər təmsilçimiz Giorgi Meşvildişvili isə həlledici mərhələyə gedən yolda Dzianis Xramyankunu (UWW) üstələyib.
Nurmaqomedov qızıl medal uğrunda görüşdə Dauren Kuruqliyevlə (Yunanıstan), Meşvildişvili isə Solomon Manaşvilə (Gürcüstan) üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan digər idmançı Ağanəzər Novruzov isə yarımfinalda albaniyalı Çermen Valievə uduzmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq şansını itirib. O, sabah üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşacaq.