Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir.
İkinci oyun günündə daha dörd qarşılaşma keçirilib.
Günün ilk matçı “A” qrupunda Bosniya və Herseqovina ilə Litva yığmaları arasında olub. Gərgin mübarizə şəraitində keçən görüş litvalıların 40:37 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca meydançaya “B” qrupunda qərarlaşan İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib - 33:11.
Bu qrupun İsrail - Farer adaları görüşündə “cırtdanlar”ın qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları rəqibini 38:22 hesabı ilə məğlub edib.
Günün son matçında isə Sloveniya komandası Azərbaycan millisinə 58:6 hesabı ilə qalib gəlib.
Sabah Avropa çempionatda daha dörd qarşılaşma baş tutacaq. “A” qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. “B” qrupunda isə Yunanıstan - İsrail və İspaniya - Lüksemburq görüşləri keçiriləcək.
Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.