İngiltərənin “Arsenal” klubu Portuqaliya millisinin və “Sauthempton”un sağ cinah müdafiəçisi Sedrik Suarisin transferini həll edib.
Oxu.Az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu altı aylığa “Arsenal”a icarəyə verilib.
Futbolçu özü bir neçə il əvvəl “Arsenal”a keçməyə yaxın olduğunu, lakin alınmadığını bildirib. O, “Arsenal” kimi böyük kluba keçdiyi üçün xoşbəxt olduğunu dilə gətirib.
Sedrik ilk iki həftə komandasına kömək edə bilməyəcək. Həftəyə 65 min funt sterlinq qazanacaq futbolçunun dizində zədəsi var.
Qeyd edək ki, Sedrik Suaris Portuqaliyanın “Sportinq” və İtaliyanın “İnter” klublarının sabiq futbolçusu olub. O, 2016-cı ildə Portuqaliya millisinin Fransada Avropa çempionluğunu qazanan heyətində yer alıb.
Xatırladaq ki, “Arsenal” iki gün əvvəl Braziliyanın “Flamenqu” klubundan ispaniyalı mərkəz müdafiəçisi Pablo Marini icarəyə götürdüyünü açıqlamışdı.
Səbuhi Musayev