Azərbaycanın iki şahmat komandası klublar arasında Avropa Kubokunda bir-biri ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, pley-offa vəsiqə qazanmış “Odlar Yurdu” və “Təhsil İdman” bir-birinə rəqib olub.
Heyətində Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Cahangir Ağarəhimov kimi şahmatçıların olduğu “Odlar Yurdu”nun B qrupunda rəqibləri “Təhsil İdman”dan başqa, “Novı Bor” (Çexiya), “Qreko-Notari” (Ukrayna), “Şartre Eşeks” (Fransa) və “Daytsisau” (Almaniya) komandaları olacaq.
Komandalarımız bu gün V turda üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə təxminən saat 20:30-a təsadüf edəcək.
Azərbaycanın bu yarışda iştirak edən digər komandaları – “Vüqar Həşimov”, “Gənclik” və “Naxçıvan – Nuh Torpağı” isə pley-offa vəsiqə qazana bilməyərək yarışla vidalaşıb.
Qeyd edək ki, reqlamentə əsasən, pley-offa vəsiqə qazanan 18 komanda üç qrupa bölünüb. Qrupda ilk üç yeri tutan komanda final mərhələsinə vəsiqə əldə edəcək. Final mərhələsi 30-31 martda keçiriləcək.
Onu da bildirək ki, bu yarışın ən reytinqli şahmatçısı Şəhriyar Məmmədyarovdur.