“Formula-1” üçün artıq son hazırlıq prosesi gedir. Qlobal pandemiya dövründə bu, Azərbaycanın ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq”.
Oxu.Az xəbər verir ki, bunu “Formula-1” Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinin rəhbəri Ayan Nəcəf bildirib.
O deyib ki, müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində hazırlıq işləri davam edir:
“Pandemiya beynəlxalq səyahətlərə, turizmə pis təsir edir. Belə dövrdə oyunların keçirilməsi, 2 mindən çox xarici vətəndaşın gəlməsi əhəmiyyətlidir. Bu il beşinci Qran Pri keçiriləcək. Bu, torpaqlar işğaldan azad olunandan sonra Azərbaycanda keçirilən ilk böyük tədbirdir. Bu cür oyunların keçirilməsi həmin ərazilərdə turizm potensialı üçün də körpü rolunu oynayır. Belə marağa qulluq etdiyi üçün bu cür tədbirlərin təbliğatı vacibdir.
Ona görə insanlardan bu müddətdə narahatlıqları anlayışla qarşılamalarını xahiş edirik. Bu müddətdə piyadaların hərəkətinə, bulvarda olan yeraltı keçidlərdə məhdudiyyət olmayacaq, müəyyən yerlərdə də yerüstü piyada keçidləri yaradılacaq. Bulvar ərazisi də açıq olacaq, insanlar gələ biləcək. Yarış azarkeşsiz olacağı üçün bulvarda heç bir əyləncə tədbiri olmayacaq. Eyni zamanda sürücülərə nəqliyyat vasitələri üçün keçid vərəqələri veriləcək”.
Qeyd edək ki, Bakıda “Formula-1” yarışı 4-6 iyun tarixlərində keçiriləcək.