ABŞ-ın Las Veqas şəhərində yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb.
Oxu.Az xəbər verir ki, əlli ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının beş üzvü iştirak edir.
Onlardan ilk olaraq körpücük üzərinə çıxan Ömər Cavadov (-55 kq) birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək 96 kq nəticə göstərib. Bu nəticə ilə o, dünya birinciliyinin bürünc medalına sahib çıxıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində yeddi illik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kq çəki dərəcəsində Azər Məmmədli medal qazana bilmişdi.
Ömər Cavadov təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kq-ı başı üzərinə qaldırıb. O, bu hərəkətdə doqquzuncu yeri tutub. Toplam 211 kq (96+115 kq) nəticə göstərən Cavadov yekun sıralamada dördüncü pillədə qərarlaşıb.
Səbuhi MUSAYEV