Tbilisidə 876 milyon larilik yeni milli stadionun tikintisi üçün tender ləğv edilib.
Oxu.Az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə qərarı bu gün tender komissiyası qəbul edib.
Məlumatda deyilir ki, sifarişçinin tələbləri və qiymətləndirmə meyarları da daxil olmaqla, prosesi daha əsaslı və rəqabətli etmək üçün tender sənədləri yenidən nəzərdən keçirilməlidir.
Bildirilir ki, şirkətlər öz ərizələrini 2025-ci il sentyabrın 29-dək təqdim ediblər və tender komitəsi bütün təklifləri nəzərdən keçirib. Məlum olub ki, iki iştirakçı müraciətin tam doldurulmamasına görə tenderdən kənarlaşdırılıb. Müvafiq olaraq, Gürcüstanın "Anagi" şirkəti qalib elan edilməli idi, lakin onun təklifinin ən bahalı təklif olması səbəbindən Bələdiyyə İnkişaf Fondu texniki tələblərin və şərtlərin yenidən nəzərdən keçirilməsi üçün bu tenderi ləğv edib və tezliklə yenisini elan etməyə hazırlaşır.
Tbilisidə yeni stadionun tikintisi üçün təkliflər aşağıdakı şəkildə olub:
"Anagi" (Gürcüstan) - 850 milyon lari (535 milyon manat - red.);
"Makro Construction" LLC və "İnşaatçı 3" (Gürcüstan və Azərbaycan) - 789.4 milyon lari (496.5 milyon manat - red.) (tenderdən kənarlaşdırılıb);
YDA İNŞAAT (Türkiyə) - 744.9 milyon lari (468.5 milyon manat - red.) (tenderdən kənarlaşdırılıb).
"Tenderdə yalnız bir iştirakçı lazımi meyarlara uyğun gəlib, lakin onun təklif etdiyi məbləğ digər iştirakçıların təklifləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olduğundan komissiya öz qanuni səlahiyyətlərinə müvafiq olaraq şərtləri yenidən nəzərdən keçirməyi və müvafiq dəyişikliklər etməyi zəruri hesab edib.
Tender komitəsi sifarişçinin tələblərini və tender sənədlərindəki qiymətləndirmə meyarlarını yenidən nəzərdən keçirməyin vacibliyini müzakirə edib və müəyyənləşdirib. Tender sənədlərində tender iştirakçıları üçün təlimatların 39.1 (IP) bəndinə uyğun olaraq tender komissiyası tender prosedurunu ləğv etmək haqqında qərar qəbul edib", - deyə Bələdiyyə İnkişaf Fondunun məlumatında deyilir.