Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Olimpiya mükafatçımız: "Kağızda medalın 2026-cı ilədək qaytarılmaq imkanı ilə bağlı məlumat var idi"
"Azərbaycana gəlməyə hazırlaşarkən medalı da özümlə götürmək istədim, həmin an medalda deformasiya olduğunu gördüm".
Bunu Oxu.Az-a açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov deyib.
"Yanvarın 9-da Azərbaycana gələrkən əşyalarımı yığanda düşündüm ki, medalı da özümlə götürüm, bəlkə, hansısa tədbir olar, lazım olar. Həmin zaman medal qabının içində iki kağızın olduğunu gördüm. Sən demə, bu, zəmanət talonu imiş. Talonda medalın 2026-cı ilədək qaytarılmasının mümkünlüyü ilə bağlı məlumat var idi.
Hadisədən bir neçə gün sonra Milli Olimpiya Komitəsindən əlaqə saxlayıb medalın vəziyyətini soruşdular. Mənə deyildi ki, əgər medal qane etmirsə, dəyişə bilərik, ən azından çalışarıq", - idmançımız əlavə edib.
"Qaşım Maqomedovla yanaşı, Paris-2024-də iştirak edən digər idmançılarımızın da medalları qaytarıla bilər".
Bunu Oxu.Az-a açıqlamasında Milli Olimpiya Komitəsinin Mətbuat Xidmətinin rəisi Murad Fərzəliyev deyib.
"Hazırda Qaşımın medalında deformasiya aşkarlanıb. Digər yeddi mükafatçımızın da medallarına nəzər yetiriləcək, əgər hansısa bir deformasiya aşkar edilərsə, medalların geri qaytarılması üçün rəsmi müraciət ünvanlayacağıq. Beynəlxalq Olimpiya Komitəsi müraciəti təsdiqlədikdən sonra medallar yenisi ilə əvəz olunacaq", - deyə M.Fərzəliyev bildirib.
O əlavə edib ki, medalların qaytarılması və əvəzlənməsi proseduru uzun müddət çəkə bilər.
"2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançımız Qaşım Maqomedovun gümüş medalı keyfiyyətsiz olduğu üçün təşkilat komitəsinə qaytarılacaq".
Bunu Oxu.Az-a açıqlamasında Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib.
"Paris Yay Olimpiya Oyunlarının mükafatçısı Qaşım Maqomedovun medalında aşınmalar aşkarlanıb. Digər idmançıların da medallarına baxılacaq, problem aşkarlanacağı təqdirdə onlar da geri qaytarılacaq", - deyə A.Bağırov bildirib.
Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə qaytarıblar. İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib. Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Zərbxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.
Anar Həsənov
Rəylər