"Səbail" klubunun rəsmisi komandadan 11 futbolçunun ayrılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Komandanın Mətbuat Xidmətinin rəhbəri Rəşad Məmmədov Oxu.Az-a açıqlamasında futbolçularla bağlı yayılan xəbərləri normal qəbul etdiyini bildirib:
"Transfer mövsümü başladığı zaman futbolçuların komandada qalması və ya getməsi müzakirə olunur. Bəzi oyunçulara yeni müqavilə təklif edilir, klub rəsmiləri ilə bunlar dəyərləndirilir. Əgər qarşılıqlı razılıq əldə olunmursa, bu zaman yollar ayrılır. 11 futbolçu ilə bağlı çıxan xəbərlər normaldır. Amma bu say 6 da ola bilər, 8 də. Klubdan ayrılan və ya komandaya transfer olunan futbolçular haqqında ətraflı məlumatı isə rəsmi səhifəmizdən paylaşırıq".
"Səbail" klubu daha 11 futbolçu ilə yollarını ayıracaq.
"Report"un əldə etdiyi məlumata görə, bunlar legionerlərdən Aleksandr Ramalinqom, Anas Najah, Pedro Nuno, Valdemar Almeyda, Yadin Luqasi, Nir Bardea, Ayub Masika, yerlilərdən Səlahət Ağayev, Rafael Məhərrəmli, Vüqar Həsənov və Bahadır Həziyevdir.
Ayrılıqlara əsas səbəb paytaxt təmsilçisinin büdcəsinin azaldılmasıdır.
"Dənizçilər"də əcnəbi oyunçulardan Adi Mehremiçin 6 aylıq, David Qomis, Madi Queta və Süleyman Alluşun 1 illik müqavilələri var.
Qeyd edək ki, "Səbail" daha əvvəl kapitan Ağabala Ramazanov və vitse-kapitan Adil Nağıyevlə vidalaşdığını açıqlayıb.
Anar Həsənov