Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun gələcəyi qeyri-müəyyəndir.
Oxu.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını bitirib-bitirməməklə bağlı qərar verməyə tərəddüd edir.
Mövsüm bitər-bitməz Regional Liqa təmsilçisi "Offenbax"dan ayrılan veteran oyunçu həmin çempionatın bir neçə iştirakçısının maraq dairəsindədir. Lakin komandalar Nazarovun yaşının çoxluğuna görə tələsmirlər. Futbolçu özü də karyerasını bitirmək istəmir. Hələ də yaxşı formada olan Nazarov liqada yüksək səviyyədə oynaya biləcəyini düşünür. Lakin sərfəli təklif gəlməyəcəyi təqdirdə karyerasını bitirməli olacaq.
Millimizin sabiq üzvü karyerasını yalnız Almaniyada davam etdirməyi planlaşdırır. Onun ölkə xaricinə yollanmaq fikri yoxdur.
Qeyd edək ki, Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qol vurub.