Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv C Divizionunun 1/16 final mərhələsində (65-96-cı yerlər uğrunda) Çili yığması ilə qarşılaşacaq.
Oktyabrın 28-də Hövsan Yarış Kompleksinin 7B stadionunda keçiriləcək görüş saat 11:30-da başlayacaq. Bu cütün qalibi növbəti mərhələdə Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub komandalar isə həmin cütün uduzanı ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini doqquz xalla üçüncü pillədə başa vuraraq C Divizionuna yüksəlib. Yığma Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.
Xatırladaq ki, FIFA U-15 dünya çempionatı və festivalında 189 ölkənin milli assosiasiyalarını təmsil edən komandalar iştirak edir. Oktyabrın 30-dək davam edəcək yarış Hövsan Yarış Kompleksində keçirilir, final oyunu isə Bakı Kristal Zalında baş tutacaq.