Azərbaycan idman sahəsində bugünkü qədər uğur əldə etməyib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “The Business Year” jurnalına verdiyi müsahibədə bildirib.
“Bu gün Azərbaycan güclü və uğurlu idman mərkəzlərindən biri kimi tanınır. Bundan başqa, Azərbaycan idmançılarının Olimpiya oyunlarındakı uğurları ölkəmizdə idmana olan maraq və diqqəti nümayiş etdirir”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Pekin Olimpiadasında ölkə 11 idman növündə 44 idmançı, Londonda isə 16 idman növündə 53 idmançı ilə təmsil edilib, iki qızıl, iki gümüş, altı bürünc medal qazanıblar.
Rəhimov, həmçinin Azərbaycanın 2016 və 2020-ci illərdə Olmpiya oyunlarının keçirilməsi üçün namizədliyini verdiyini bildirib.
“Baxmayaraq ki, bütün tələblərə cavab verirdik, amma namizədliyimiz qəbul edilmədi.
Namizədliyin qəbul edilməməsi, istənilən halda görüləcək işlərə təsir etməyəcək.
Bu dövr ərzində əldə edilən təcrübə yeni mərhələyə keçid imkanları yaradacaq”, - deyən nazir qeyd edib ki, bu, həm də Azərbaycanı digər ölkələrə təqdim etmə imkanıdır.
“Əldə etdiyimiz təcrübə bizi 2024-cü il Olimpiya oyunlarına Azərbaycanın namizədliyini irəli sürməyə sövq etdi”, - o vurğulayıb.
Avropa oyunlarına hazırlıqdan danışarkən, Rəhimov hər şeyin plan üzrə getdiyini deyib.
Onun sözlərinə görə, olimpiya kəndinin tikilməsini idman tədbirlərinin planlaması üzrə təcrübəsi olan mütəxəssislər gözəl ideya hesab edirlər.
“Məqsədimiz Azərbaycanın və onun sakinlərinin qonaqpərvərliyini nümayiş etdirərək, idamn tədbirləri keçirmək, biznes qurmaq və turizm üçün təklif edə biləcəklərimizi göstərməkdir”, - Rəhimov deyib.