Bu gün Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası başa çatıb.
Oxu.Az xəbər verir ki, reqatanın ikinci günündə Mingəçevirdəki Kür çayı üzərində Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan olan idmançılar akademik avarçəkmə növündə mübarizə aparıb.
Azərbaycan milli komandası üç yaş kateqoriyasında yarışlarda iki qızıl, iki gümüş və dörd bürünc medal qazanıb.
Beləliklə, Suqovuşanda kanoe və kayak üzrə keçirilən yarışdakı medalları da saysaq, Azərbaycan komandası ümumilikdə 9 qızıl, 12 gümüş və 12 bürünc medala sahib olub.
Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançılarına bununla bağlı kubok təqdim olunub.
Qeyd edək ki, “Prezident kuboku-2022” turnirinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.
12:17
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku - 2022” reqatası davam edir.
Oxu.Az-ın Mingəçevirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, reqatanın ikinci gününə Kür çayı üzərində start verilib.
Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançılarının qatıldıqları turnirdə akademik avarçəkmə növündə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, turnirin birinci günündə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında beş yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası yeddi qızıl, on gümüş və səkkiz bürünc medal qazanıb.
“Prezident Kuboku - 2022” turnirinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.
Səbuhi Musa