16-27 oktyabr tarixlərində Çinin Uhan şəhərində hərbçi idmançılar arasında VII dəfə Dünya Oyunları keçirildi.
Oxu.Az xəbər verir ki, 31 idman növü üzrə baş tutan, tennis və idman gimnastikasının nümayiş xarakteri daşıdığı yarışlarda millimiz 24 idmançı ilə mübarizə apardı.
Bunlar Tofiq Məmmədov, İsmayıl İbrahimov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov (hamısı cüdo), Salman Əlizadə, Tayfur Əliyev, Ruslan Rüstəmov, Sərxan Əliyev, Səbuhi Abışov, İsmayıl Yaqubov, Aynur Rzayeva (hamısı boks), Ağahüseyn Mustafayev, Murad Bazarov, Həsən Əliyev, Rafiq Hüseynov, Tatyana Varansova, Mahir Əmiraslanov, Mikayıl Rəhmanov (hamısı güləş), Emin Cəfərov, Fuad Qurbanov, Niyaz Ağazadə, Nurlana Cəfərova və Riqina Meftəhəddinova (hamısı atıcılıq) idi.
İdmançılarımızdan heç biri qızıl medal qazana bilmədi. Ən yaxşı nəticəni isə güləşçilərimiz göstərdi. Yunan-Roma güləşində Həsən Əliyev (-77 kq) və Rafiq Hüseynov (-87 kq) yalnız finalda uduzaraq gümüş medal qazandı. Digər yunan-Roma güləşi üzrə idmançımız Mikayıl Rəhmanov (-67 kq) isə Azərbaycanın aktivinə bürünc medalı yazdırdı.
Cüdoçularımızdan Hidayət Heydərov (-81 kq) və Məmmədəli Mehdiyev (-90 kq), eləcə də boksçumuz Salman Əlizadə (-49 kq) bürünc medal qazandı. Beləliklə, əvvəl də xəbər verdiyimiz kimi, Azərbaycan yarışı yalnız iki gümüş və dörd bürünc medalla tamamladı.
Bəs qazanılan altı medal yarışın sıralamasında Azərbaycanı neçənci etdi? Əvvəla, onu bildirək ki, meydan sahibi Çin aşkar fərqlə medal sıralamasının birincisi oldu. Çinin hərbçi idmançıları 239 medal qazandı. Bunlardan 133-ü qızıl, 64-ü gümüş və 42-si bürünc medal oldu. 161 medal qazanmış Rusiya yarışı II sırada tamamladı (51-53-57). 88 medala layiq görülmüş Braziliya III yeri tutdu (21-31-36).
Azərbaycan isə 1021 medalın qazanıldığı (bunlardan 316-sı qızıl, 316-sı gümüş və 389-u bürünc medaldır) Dünya Oyunlarında XXXVIII yeri tutdu. Millimiz qazanılan altı medalın sayına görə isə XXV oldu. Komandamız bu göstəricidə Finlandiya və Tailandla eyni nəticəyə imza atdı.
Qonşu ölkələrdən İran 11 medalla (4-2-5) XIV, Türkiyə beş medalla (2-0-3) XXII oldu. Gürcüstan medal qazanmadısa, Ermənistan cəmi bir bürünc medalla kifayətlənib 56-cı yeri tutdu.
Müqayisə üçün digər illərdəki Dünya Oyunlarında Azərbaycanın nəticələrini də təqdim edirik. 24 idmançı ilə yarışdığımızı nəzərə alsaq, bu, ən pis nəticəmiz hesab olunur:
1995-ci il. Roma (İtaliya) – Azərbaycan iki medal (bir qızıl və bir gümüş) qazanaraq XXIV yeri tutub.
1999-cu il. Zaqreb (Xorvatiya) – Azərbaycan doqquz medal (iki qızıl, bir gümüş və altı bürünc) qazanaraq XIX yeri tutub.
2003-cü il. Katania (İtaliya) – Azərbaycan iki medal (iki bürünc) qazanaraq XXXIV yeri tutub.
2007-ci il. Heydərəbad-Sikndrabad (Hindistan) – Azərbaycan dörd medal (üç gümüş və bir bürünc) qazanaraq XXXI yeri tutub.
2011-ci il. Rio de Janeyro (Braziliya) – Üç idmançı ilə təmsil olunan Azərbaycan medal qazana bilməyib.
2015-ci il. Munqyanq (Cənubi Koreya) – Azərbaycan 12 medal (iki qızıl, dörd gümüş və altı bürünc) qazanaraq XIX yeri tutub.
Qeyd edək ki, növbəti – VIII Dünya Oyunları 2023-cü ildə Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək.
Səbuhi Musayev
Rəylər