Basketbol üzrə Azərbaycan çempionatında oynadığı deyilən Nikolay Kojuxarın həbs olunmasına Azərbaycan Basketbol Federasiyası münasibət bildirib.
Federasiyanın baş katibi Vüqar Əzimovun Oxu.Az-a verdiyi məlumata görə, Kojuxar intizamsız oyunçu olub:
“O, oktyabrın sonlarında “Sərkərdə” klubuna cəlb edilib. Çox intizamsız basketbolçu idi. Onun intizamsızlığından narazılıq vardı. Dekabrın ortalarında komandadan getdi və geri qayıtmadı. Yəni koronavirusa görə Azərbaycanı tərk etməyib. Ondan əvvəl Azərbaycandan ayrılıb... O, əvvəl Moldova millisinin üzvü olub”.
Qeyd edək ki, 28 yaşlı Nikolay Kojuxar mayın 11-də İrlandiyada olduğu ünvanda 100 min avroluq narkotik bitki olan kannabis (anaşa, xaşxaş) yetişdirməkdə, satmaqda və ya tədarük etməkdə ittiham olunaraq həbs olunub.
Onun ilk məhkəməsi mayın 13-də olub. Kojuxarın vəkili Patrik Martin məhkəmə zamanı müştərisinin Azərbaycanda peşəkar basketbol komandasında oynadığını bildirib. O və onunla birgə həbs olunmuş üç nəfərin (digərləri litvalılar – 38 yaşlı Eqidiyus Youdiskis və 43 yaşlı Linas Arsulis) növbəti məhkəməsi mayın 20-də keçiriləcək.
Səbuhi Musayev